AHİK-in 30 illik yubiley tədbiri keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 30-cu ildönümü münasibətilə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn həmkarlar ittifaqlarının kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Daha sonra AHİK-in yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ölkəmizin dövlət və hökumət rəsmiləri, həmçinin Beynəlxalq Həmkarlar ittifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Beynəlxalq Əmək Təşkilatının, Avrasiya Qida Meşə və Turizm İşçiləri Federasiyasının rəhbərliyi, eləcə də Türkiyə, Gürcüstan, Litva, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Malavi, İordaniya, İsrail, Albaniya, Moldova, Norveç, Rusiya, Serbiya və Zambiyanın həmkarlar ittifaqları sədrləri və nümayəndələri iştirak ediblər.

Öncə AHİK-in 30 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik oxunub.

Ardınca Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi naminə şəhid olmuş oğul və qızlarımızın, həyatını itirmiş həmkarlar ittifaqı liderlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək tədbir iştirakçılarını və Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini yubiley münasibətilə təbrik edib, həmkarlar ittifaqlarının tarixindən, keçdiyi inkişaf yolundan, AHİK-in yaranmasından, ölkəmizin ictimai həyatında rolundan və əhəmiyyətindən danışıb. Bildirib ki, 1993-cü il fevralın 5-də keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü: “Bu elə bir dövrdə baş verdi ki, həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev imzaladığı müvafiq fərman və sərəncamla həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. 1994-cü ildə Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu”.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo