ATİAHİ Şirvan şəhər komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü qeyd edilib
Martın 7-də ATİAHİ Şirvan şəhər komitəsi və Şirvan Şəhər Təhsil Şöbəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.

Tədbirdə şəhərin müxtəlif məktəblərindən qadın pedaqoqlar iştirak ediblər. 

Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev qadınların cəmiyyətimizin inkişafında rolundan danışıb. Qeyd edib ki, milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib: “Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir”.

ATİAHİ Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfov isə çıxışında bütün qadın təhsil işçilərini təbrik edib, onların təhsildəki nailiyyətlərindən ətraflı söhbət açıb: “Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir”.

Sonda qadın təhsil işçiləri Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo